Doğulmaq | Raqif Raufoglu

Doğulmaq istəyirəm,
Doğulmaq! 
Hamının gözünün qabağında,
Şərq əsilli,
Şimal yönlü,
Qərbpərəst, 
Cənubsevər olmaq.
Missionerlərə qoşulmaq
Və qohumlara nifrət ruhunda yetişdirilmək.
Hamını satıb, pulunu kitablara vermək.
Kitab monopoliyasına baxmaq.
Qoy məndən kitab istəyib yalvarsın,
Dünyanı idarə eləyən axmaq.
Sonra ailə qurmaq istəyirəm,
Ailə qurmaq.
Dilini bilmədiyim bir qadınla yaşamaq.
Onu birtəhər-birtəhər başa salmaq.
Ayrı-ayrı dillərdə dalaşmaq.
Eyni dildə gülmək.
Rus qəhqəhəsindən çəkib,
Amerikasayağı gülümsəmək.
Onun Alman qışqırıqlarına qulaq asıb
Azərbaycansayağı susmaq.
Sonra Fransasayağı zümzümələrlə
O sükutu pozmaq.
Axırda da hər şeyi,
Türklərin ayağına yazmaq...
Kömək eliyin mənə, kömək,
Vallah daha istəmirəm,
Dilsiz-ağıssız yaşayıb,
Ərəbcə ölmək...

 

0 şərh